Məxfilik siyasəti

Fərdi məlumatlarınız necə toplanır, istifadə olunur və qorunur

Versiya 1.1 — 15 oktyabr 2026

Psixoloji dəstək etibar üzərində qurulur. Bu sənəd Fanusun məlumatlarınıza necə yanaşdığını açıq şəkildə izah edir və Platformadan istifadə qaydaları ilə birlikdə oxunmalıdır.

1. Sənədin məqsədi və əhatəsi

Bu Məxfilik siyasəti Fanus platformasının (veb-sayt, panel və əlaqəli xidmətlər) müraciətçilərə və mütəxəssislərə aid fərdi məlumatları hansı məqsədlə topladığını, necə istifadə etdiyini, kimlərlə paylaşdığını və necə qoruduğunu müəyyən edir. Platformadan istifadə bu siyasətlə tanışlığı, xüsusi kateqoriyalı məlumatların işlənməsi isə qeydiyyat zamanı verilən açıq razılığı tələb edir. Sənəd Platformadan istifadə qaydaları ilə birlikdə tətbiq olunur.

2. Topladığımız məlumatlar

Hesab məlumatları: ad, soyad, e-poçt, telefon, şifrə (yalnız kriptoqrafik heş şəklində saxlanılır), seçilmiş dil.

Müraciətçi profili: doğum tarixi, istəyə bağlı təcili əlaqə şəxsi və yaşayış ünvanı (şifrələnmiş saxlanılır), qeydiyyat razılıqlarının vaxt möhürləri.

Xidmət məlumatları: seans rezervasiyaları və tarixçəsi, paketlər, ödəniş qeydləri (məbləğ, üsul, status), mütəxəssislə yazışma və müraciət qeydləri, rəylər, psixoloji test cavabları və nəticələri, mütəxəssisin apardığı seans qeydləri.

Sağlamlıqla bağlı xüsusi kateqoriyalı məlumatlar: müraciət səbəbi, seans qeydləri, test nəticələri və mütəxəssisin klinik qeydləri — yalnız xidmətin göstərilməsi məqsədilə və açıq razılıq əsasında işlənilir.

Mütəxəssis məlumatları: şəxsiyyət, təhsil və ixtisas sənədləri, sertifikatlar, iş təcrübəsi, profil məzmunu, hesablaşma üçün zəruri məlumatlar.

Texniki məlumatlar: giriş tarixçəsi, IP ünvanı, cihaz və brauzer məlumatı, təhlükəsizlik jurnalı (audit log).

3. İstifadə məqsədləri

Məlumatlar yalnız bu məqsədlər üçün istifadə olunur: xidmətin göstərilməsi (seansların təşkili, mütəxəssis-müraciətçi uyğunlaşdırması, operator dəstəyi); ödənişlərin qeydiyyatı və hesablaşma; hesabın təhlükəsizliyi və sui-istifadənin qarşısının alınması; hüquqi öhdəliklərin icrası; xidmət keyfiyyətinin təhlili; açıq razılıq verildikdə — yenilik və kampaniya bildirişləri.

Marketinq bildirişləri yalnız qeydiyyatda və ya sonradan verilən ayrıca razılıq əsasında göndərilir və istənilən vaxt imtina etmək mümkündür.

4. Hüquqi əsas

Məlumatların işlənməsi Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa və digər tətbiq olunan qanunvericiliyə uyğun aparılır. Əsaslar: istifadəçi ilə bağlanmış müqavilənin (İstifadə qaydalarının) icrası; qanuni öhdəliklər; istifadəçinin açıq razılığı (xüsusi kateqoriyalı sağlamlıq məlumatları və marketinq üçün); platformanın təhlükəsizliyinə dair qanuni maraq.

5. Sağlamlıq məlumatlarının xüsusi qorunması

Seans qeydləri və digər həssas klinik məzmun bazada şifrələnmiş formada saxlanılır. Bu məzmuna standart qaydada yalnız müalicəni aparan mütəxəssis çıxış edir.

Platforma administrasiyasının klinik məzmuna çıxışı yalnız müstəsna hallarda, yazılı əsaslandırma ilə, müddətli (24 saat) və tam audit olunan qaydada mümkündür; belə giriş barədə müraciətçinin mütəxəssisinə bildiriş göndərilir.

Operator komandası yalnız xidmətin təşkili üçün zəruri olan minimum məlumatı görür (əlaqə, rezervasiya, ödəniş statusu); seans məzmununu görmür.

6. Məlumatların paylaşılması

Fanus fərdi məlumatları satmır və üçüncü şəxslərə marketinq məqsədilə ötürmür. Paylaşma yalnız bu hallarla məhduddur: seçilmiş mütəxəssis (xidmətin göstərilməsi üçün zəruri həcmdə); xidmətin işləməsi üçün istifadə olunan texniki təchizatçılar — hostinq, e-poçt çatdırılması və oxşar xidmətlər (yalnız zəruri minimum həcmdə və məxfilik öhdəliyi ilə); qanunun tələb etdiyi hallarda məhkəmə və səlahiyyətli dövlət orqanları; həyat və təhlükəsizlik üçün ciddi risk halları.

7. Google Təqvim inteqrasiyası

Psixoloq istəsə, öz Google Təqvimini Fanus ilə könüllü bağlaya bilər. Bu funksiya yalnız psixoloqlar üçündür və Google-un icazə ekranında verilən açıq razılıqla işə düşür. İki icazə istənilir: təqvim hadisələrinə baxmaq, yaratmaq, dəyişmək və silmək (calendar.events) və bağlı hesabı göstərmək üçün Google hesabının e-poçt ünvanını görmək.

Bu icazələrlə Fanus: (a) psixoloqun Fanus randevularını onun Google Təqvimində hadisə kimi yaradır, dəyişdikdə yeniləyir, ləğv olunduqda silir — hadisənin başlığında pasiyentin adı, təsvirində isə yalnız randevu nömrəsi və statusu olur; pasiyentin e-poçtu, telefon nömrəsi və randevu qeydi Google-a göndərilmir, pasiyent iştirakçı kimi əlavə edilmir və Google dəvət e-poçtu göndərmir; (b) psixoloqun Google Təqvimindəki digər hadisələrin başlığını, vaxtını və statusunu oxuyur ki, onları yalnız həmin psixoloqa Fanus panelindəki təqvimdə göstərsin. Bu hadisələr Fanus bazasında saxlanılmır.

Fanus bazasında yalnız Google ilə əlaqə üçün lazım olan şifrələnmiş yenilənmə tokeni, bağlı hesabın e-poçtu və randevu ilə Google hadisəsinin identifikatoru saxlanılır. Google-dan alınan məlumat reklam üçün istifadə edilmir, satılmır və üçüncü şəxslərə ötürülmür; yalnız psixoloqun təqvimində bu funksiyanı göstərmək üçün istifadə olunur. İstisna: qanunun tələb etdiyi hallar, təhlükəsizlik və ya sui-istifadə araşdırması və istifadəçinin açıq razılığı.

Psixoloq inteqrasiyanı istənilən vaxt profil səhifəsindəki Google Təqvim kartından ayıra bilər — bu zaman Fanus tokeni həm öz bazasından silir, həm də Google tərəfində ləğv edir. İcazəni həmçinin birbaşa https://myaccount.google.com/permissions ünvanından ləğv etmək olar. Ayrılmadan əvvəl yaradılmış hadisələr psixoloqun Google Təqvimində qalır və oradan əl ilə silinə bilər.

Fanusun Google API-lərindən aldığı məlumatdan istifadəsi və onun hər hansı digər tətbiqə ötürülməsi, məhdud istifadə (Limited Use) tələbləri daxil olmaqla, Google API Services User Data Policy-yə uyğun olacaq. Orijinal mətn: Fanus's use and transfer to any other app of information received from Google APIs will adhere to the Google API Services User Data Policy, including the Limited Use requirements.

8. Saxlama müddəti

Məlumatlar yalnız məqsəd üçün zəruri olan müddətdə saxlanılır: hesab məlumatları — üzvlük dövründə; seans və ödəniş qeydləri — mühasibat və hüquqi tələblərə uyğun müddətdə; təhlükəsizlik jurnalları — məhdud müddətdə. Müddət bitdikdə məlumat silinir və ya geri dönməz şəkildə anonimləşdirilir.

9. Hesabın silinməsi

İstifadəçi hesabının silinməsini şəxsi kabinetdən tələb edə bilər. Silinmə zamanı şəxsi identifikasiya məlumatları anonimləşdirilir; qanunvericiliyin saxlanmasını tələb etdiyi qeydlər (məsələn, ödəniş və mühasibat sənədləri) tələb olunan müddət ərzində saxlanılır. Silinmiş hesabın e-poçtu ilə yenidən qeydiyyat və hesabın bərpası yalnız dəstək xidmətinə müraciətlə mümkündür.

10. Kuki (cookie) və oxşar texnologiyalar

Platforma yalnız işləmə üçün zəruri kukilərdən istifadə edir: sessiya və giriş tokenləri (təhlükəsiz, HttpOnly) və dil seçimi. Üçüncü tərəf reklam və izləmə kukiləri istifadə olunmur.

11. Təhlükəsizlik tədbirləri

Məlumatlar şifrələnmiş kanalla (HTTPS) ötürülür; şifrələr heşlənmiş, həssas klinik məzmun və təcili əlaqə məlumatları şifrələnmiş saxlanılır; çıxış rol əsaslı məhdudlaşdırılır; kritik əməliyyatlar audit jurnalına yazılır. Heç bir sistem mütləq təhlükəsizlik vəd edə bilməz; insident aşkarlandıqda Fanus qanunvericiliyə uyğun tədbir görür və zəruri hallarda istifadəçiləri məlumatlandırır.

12. İstifadəçi hüquqları

İstifadəçi öz fərdi məlumatlarına dair bu hüquqlara malikdir: məlumatları ilə tanış olmaq; yanlış və ya köhnəlmiş məlumatın düzəldilməsini tələb etmək; silinməsini tələb etmək (qanuni saxlama öhdəlikləri istisna olmaqla); verilmiş razılığı istənilən vaxt geri götürmək (geri götürülməyə qədər aparılmış işlənmənin qanuniliyinə təsir etmir); marketinq bildirişlərindən imtina etmək.

Bu hüquqlardan istifadə üçün şəxsi kabinetdəki parametrlərdən və ya rəsmi dəstək kanalından istifadə edilə bilər. Müraciətlər ağlabatan müddətdə cavablandırılır.

13. Uşaqların məlumatları

18 yaşına çatmayan şəxslərin məlumatları yalnız qanuni nümayəndənin etibarlı razılığı əsasında və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun işlənilir.

14. Mütəxəssislərin öhdəlikləri

Mütəxəssislər müraciətçi məlumatlarını yalnız xidmət üçün zəruri həcmdə işləməyi, platformadan kənarda saxlamamağı və üçüncü şəxslərlə paylaşmamağı öhdələnir. Ətraflı tələblər Platformadan istifadə qaydalarının II bölməsində müəyyən olunub.

15. Dəyişikliklər

Fanus bu siyasəti qanunvericilik və xidmət modelinə uyğun yeniləyə bilər. Əhəmiyyətli dəyişikliklər qüvvəyə minməzdən əvvəl saytda, şəxsi kabinetdə və ya e-poçt vasitəsilə bildirilir. Dəyişiklikdən sonra xidmətdən istifadə yeni redaksiyanın qəbul edilməsi sayılır.

16. Əlaqə

Məxfiliklə bağlı sual və müraciətlər üçün Fanusun rəsmi dəstək kanalından istifadə edin: [email protected] və ya saytdakı əlaqə forması. Bu siyasətə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

Sualınız var? Bizimlə əlaqə saxlayın