Yeməyə nəzarəti itirmək yalnız iradə məsələsidirmi?

28 Oktyabr 20261 baxışAzərbaycanca
Səbinə Hüseynbalayeva
Səbinə Hüseynbalayeva
Klinik psixoloq
Profilə bax
Yeməyə nəzarəti itirmək yalnız iradə məsələsidirmi?

Bəzən insan çətin hisslərdən uzaqlaşmaq və ya özünü müvəqqəti rahatlatmaq üçün yeməyə yönələ bilər. Yemək zamanı nəzarəti itirmək, doyduqdan sonra da davam etmək və ardınca günahkarlıq, utanc və özünü qınamaq hissləri yaşamaq insanı yorucu bir dövrəyə sala bilər. Bu yaşantıları yalnız “iradəsizlik” kimi izah etmək isə onların arxasında dayanan çətinlikləri görməmizə mane ola bilər.

Elmi məqaləmizdə nəzarəti itirərək həddindən artıq yemə əlamətləri ilə düşüncə tərzi, emosiyaları tənzimləməkdə çətinlik və impulsivlik arasındakı əlaqəni araşdırdıq. Bəzən insan özünə qarşı “Mən heç nəyi bacarmıram” kimi sərt yanaşır və ya bir dəfə planından kənara çıxdıqda hər şeyi uğursuz hesab edir. Belə düşüncələr emosional gərginliyi artıra bilər. Hissləri idarə etmək çətinləşəndə isə insan yeməyə daha tez və düşünmədən yönələ bilər.

Araşdırma Türkiyədə yaşayan 460 qadının iştirakı ilə aparılıb. Nəticələrdə düşüncə tərzindəki təhriflər, emosiyaları tənzimləməkdə çətinlik və impulsivlik nəzarətsiz yemə əlamətləri ilə əlaqəli olub. Emosiyaları idarə etməkdə çətinlik və impulsivlik, düşüncə tərzi ilə bu əlamətlər arasındakı əlaqənin bir hissəsini izah edib.

Bu nəticələr hər hansı bir insana diaqnoz qoymur və səbəb-nəticə əlaqəsini təsdiqləmir. Amma yemə davranışının arxasında təkcə aclığın deyil, düşüncələrin, hisslərin və özünü tənzimləmə çətinliklərinin də dayana biləcəyini xatırladır. Əgər yemə ilə bağlı yaşantılarınız sizə çətinlik yaradırsa, onları mühakimə etmədən anlamaq və dəstək axtarmaq mümkündür.

Bu mətn elmi məqaləmizin daha anlaşıqlı dildə hazırlanmış xülasəsidir.